CƏMİYYƏT
Suraxanıda rayon əhalisinin 125,5 min nəfərdən çoxu müayinə olunub
Bakı, 24 aprel, AZƏRTAC
Ölkəmizdə fevralın 10-dan mayın 10-dək keçirilməsi nəzərdə tutulan tibbi müayinə kampaniyası paytaxtın Suraxanı rayonunda mütəşəkkilliklə davam edir. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi aparılır.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonda yaşı 18-dən yuxarı 180,1 min nəfər sakinin və rayonda məskunlaşan 14,5 min nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Ötən müddət ərzində rayon üzrə 125,5 min nəfər və 99 müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan 2815 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 85 nəfər stasionar müalicəyə cəlb edilib, 224 nəfər təkrar müayinə və müalicə üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.
Səhiyyə müəssisələrində yaradılan həkimlərdən ibarət səyyar briqadalar məktəblərə, uşaq bağçaların gedir, poliklinikaya gələ bilməyən yaşlı sakinlərə evdə tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklərə uyğun olaraq müalicə kursları təyin edilir.
Tibbi müayinələrin aparıldığı müəssisələrdən biri də Yeni Suraxanı qəsəbəsində yerləşən 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Xəstəxananın baş həkimi Bəhlul Məmmədovun verdiyi məlumata görə, müayinələr tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt, ehtiyac yarandığı təqdirdə cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin müayinəsindən keçirlər.
Tibbi müayinə başlayandan bəri xəstəxanada 13, 9 min nəfər müayinə edilib. Onların 142 nəfərində xəstəlik aşkar olunub, 33 nəfər stasionar müalicəyə cəlb edilib və 14 nəfəri təkrar müayinə üçün digər xəstəxanalarına göndərilib. Sakinlərin 967 nəfərdən laborator analiz götürülüb, 377 nəfər exokardioqram, 271 nəfər rentgen və 393 nəfər isə ultrasəs müayinəsindən keçib.
Rayon sakinlərinin tibbi müayinəsi davam edir.