DÜNYA
Suriya televiziyası: İŞİD qruplaşmasının “hərbi naziri” öldürülüb
Bakı, 24 may, AZƏRTAC
Bəşər Əsədə sadiq qüvvələr Hələb şəhərinin şərqində apardığı əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının “hərbi naziri” Əbu Musab əl-Masrini qətlə yetirib. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda əl-Masri ilə birgə qruplaşmanın 12 nüfuzlu nümayəndəsinin də məhv edildiyi bildirilir. Lakin əməliyyatın vaxtı və dəqiq məkanı barədə heç bir informasiya verilmir.
Qeyd edək ki, 2016-cı ilin mart ayında İŞİD qruplaşmasının Pentaqonda “müharibə naziri” adlandırılan ən nüfuzlu liderlərindən biri - Əbu Ömər əş-Şişani qətlə yetirilmişdi. Əsl adı Tarxan Batiraşvili olan səhra komandirinin öldürülməsi ABŞ-ın qruplaşma ilə mübarizədə əsas uğurlarından biri sayılır.