İDMAN
“Synergy Baku” komandası Fransada keçirilən “Circuit Des Ardennes” veloyürüşündə iştirak edir VİDEO
Bakı, 12 aprel (AZƏRTAC). Fransada “Circuit Des Ardennes” veloyürüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” da beynəlxalq turnirdə iştirak edir.
Sayca 40-cı dəfə təşkil olunan və Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqorisını daşıyan yubiley xarakterli yarışda 22 komanda mübarizə aparır.
Daha çox sprinterlərin mübarizəsi ilə yadda qalacaq bu yürüşdə “Synergy Baku”nun şərəfini Maksim Averin, Aleksandr Surutkoviç, Daniel Klemme, Maykl Şvayzer, Luk Deyvison və Patrik Leyn qoruyurlar.
Komandamızın idman direktoru Arviks Piziks yarışı olduqca çətin sınaq kimi dəyərləndirmişdir. Onun sözlərinə görə, əsas məqsəd yürüşün mərhələlərinin birində qələbə qazanmaqdır.
Veloyürüşə aprelin 13-də yekun vurulacaqdır.