DÜNYA
TBİLİSİ 9 APREL FACİƏSİNİN 15-Cİ İLDÖNÜMÜNƏ HAZIRLAŞIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki,Tbilisidə 1989-cu il aprelin 9-da baş vermiş faciənin 15-ci ildönümü ərəfəsində Tbilisi və Sankt-Peterburq şəhər bələdiyyələrinin başçıları Gürcüstan parlamenti binası qarşısında ölkənin müstəqilliyi uğrunda şəhid olanların adını daşıyan 9 Aprel bağında Sankt-Peterburqun sabiq meri mərhum Anatoli Sobçakın abidəsini ucaltmağı qərara almışlar. A.Sobçak 9 Aprel faciəsinin istintaqını aparmış və sovet imperiyası rəhbərliyinin azadlıq uğrunda ayağa qalxan xalqa qarşı güc işlətməklə qoşun yeritməsinin qeyri-qanuniliyini təhqiq etmişdir. Abidənin açılışında A.Sobçakın arvadı, həmçinin Avropa və MDB ölkələrindən də qonaqlar iştirak edəcəklər. Həmin gün sabiq SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun da Tbilisiyə gələcəyi və Gürcüstan Prezidenti Mixail Saakaşvili və sabiq prezident Eduard Şevardnadze ilə görüşəcəyi gözlənilir.