Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 23.2.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin