İQTİSADİYYAT
TRANSQAZAXISTAN DƏMİR YOLU MAGİSTRALI İNŞA OLUNACAQDIR
Qazaxıstan Transqazaxıstan dəmir yolu magistralının tikintisini planlaşdırır. Yeni magistral Asiya-Avropa transkontinental marşrutuna əlavə olaraq yaradılacaqdır. Bu, Çindən Avropaya yük göndərilməsi müddətini 7 günədək azaldacaq. “Qazaxıstan temir jalı” milli şirkəti prezidentinin birinci müavini K.Janqaskin AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Asiya və Avropa arasında iqtisadi əlaqələr artdıqca iki qitə arasında əmtəə mübadiləsi problemi daha da aktuallaşır.
“Qazaxıstan temir jalı” şirkəti Transqazaxıstan dəmiryol magistralının tikintisində Avropa standartlarına uyğun 1435 və 1520 millimetrlik relslərdən istifadə etmək niyyətindədir. TDM Qazaxıstan, Türkmənistan və İran ərazisindən keçəcək. Uzunluğu 3923 kilometr olan magistral başlanğıcını Qazaxıstanın Çinlə sərhədindəki “Dostık” sərhəd keçidindən götürəcək və İranın Qorqan şəhərində sona çatacaqdır. Qazaxıstanda magistralın uzunluğu 3083 kilometr, Türkmənistanda 770 kilometr, İranda 70 kilometr olacaqdır. Magistralın Qazaxıstan ərazisindəki hissəsinə 2,5 milyard dollar vəsait xərclənəcəkdir.