TÜRKIYƏDƏ 20 MIN TIRAJLA NƏŞR OLUNAN NÜFUZLU ANALITIK INFORMASIYA JURNALININ BU HƏFTƏ ÇIXAN YAZISI AZƏRBAYCAN PREZIDENTI İLHAM ƏLIYEVƏ HƏSR OLUNMUŞDUR. AZƏRTAC HƏMIN YAZINI OXUCULARA TƏQDIM EDIR.
AZƏRBAYCANDA İKİNCİ ƏLİYEV DÖVRÜ
AzerTAg.az
Azərbaycanda oktyabrın 15-də keçirilən prezident seçkilərində qələbə qazanan İlham Əliyev atasından sonra ikinci Əliyev dövrünü başlatdı. İlham Əliyev ABŞ, Rusiya və Türkiyənin birgə dəstəklədiyi dövlət başçısı kimi qəbul edilir.
1990-cı ildə Sovetlər Birliyinin dağılmasından sonra dünya xəritəsində altı türk dövləti yarandı. 1980-ci ildən əvvəl bir qrup şəxs və siyasi partiya həmişə türkçülük və hətta irqçilikdə günahlandırılırdı. Günahlandıran sol qanad isə Sovetlər Birliyi haqqında silsilələr yazırdı. 1990-cı illər hər şeyi alt-üst etdi. Sovet İttifaqı dağıldı. Kommunist ideologiyası artıq təhlükə deyildir. 1990-cı illərdən başlayaraq, Sovet İttifaqının bir çox yerini jurnalist kimi gəzdim. Kəndlərə qədər getdim. Gördüyüm mənzərə dəhşət doğururdu: insanlar dinlərindən uzaqlaşdırılmışdı, spirtli içki sudan ucuz satılırdı, texnologiya yararsız vəziyyətə düşmüşdü, müharibə vəziyyətindən çıxmış ölkələr mənzərəsi vardı.
HEYDƏR ƏLİYEV
Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevdən 11 il əvvəl, Naxçıvan Ali Məclisinin binasında üç saatlıq müsahibə götürdüm. O günlərdə Moskva televiziyasının birinci kanalında “Rusiyanı kim xilas edər?” rəy sorğusunda Heydər Əliyev üçüncü yerdə idi. Əliyevin şanssızlığı türk olması idi. Türk olmasaydı, Rusiyanın dövlət başçısı ola bilərdi. Çünki sistemi və quruluşu yaxşı bilən, zəkalı və eyni zamanda, ağıllı bir siyasətçi idi. Bir tərəfdən Rusiya, İran, Gürcüstan və digər tərəfdən Türkiyə ilə mehriban ikitərəfli münasibətləri davam etdirməyi bacardı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsini ABŞ və Rusiya, hətta Türkiyə belə istəmədi. Elçibəy ona qarşı çıxan qüvvələr ilə bacarmayanda Heydər Əliyevi birbaşa dövlətin rəhbərliyinə gətirdi. Uzun illər Heydər Əliyevin Prezidentliyinə ABŞ və Rusiya müsbət baxmadı. Heydər Əliyev incə siyasəti ilə bütün çətinliklərin öhdəsindən gələ bildi və Azərbaycanın son on ilinə möhürünü vurdu. İlham Əliyevə isə həm Rusiya, həm ABŞ və həm də Türkiyə olduqca müsbət yanaşır. Buna görə də ilk təbrik teleqramları Baş nazir Tayyib Ərdoğandan və Rusiya Prezidenti Putindən gəldi.
İLHAM ƏLİYEV
Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanan İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olmuşdur. Mərkəzi Seçki Komissiyasından alınan məlumata görə, orta təhsilini 1977-ci ildə Bakıda tamamlayan İlham Əliyev 1982-ci ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu, 1985-ci ildə oranın aspiranturasını bitirmişdir. 1985-1990-cı illər arasında həmin təhsil ocağında müəllim kimi işləyən İlham Əliyev 1991-1994-cü illərdə Moskvadakı “Orient” şirkətinin baş direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti vəzifəsinə 1994-cü ildə təyin edilən İlham Əliyev 1996-cı ildə həmin şirkətin 1-ci vitse-prezidenti idi. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin deputatı, 1997-ci ilin iyul ayında Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilmişdir. Heydər Əliyevin sədri olduğu iqtidardakı Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabr ayında keçirilən ilk qurultayında partiyanın sədr müavini seçilən İlham Əliyev 2001-ci ildə ikinci qurultayda birinci müavin oldu. 2001-ci ildə Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsinə təyin olunan İlham Əliyev 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini seçildi. Mehriban Əliyeva ilə evli olan İlham Əliyevin iki qızı və bir oğlu var.
İdarəetmə sisteminin əsasını hakimiyyətin bölünməsi prinsipinin təşkil etdiyi Azərbaycan güclü prezident sistemi ilə idarə edilir. Prezident, Baş nazir, Nazirlər Kabineti icra hakimiyyətini, 125 üzvdən ibarət Milli Məclis isə qanunvericiliyi təşkil edir.
Azərbaycanda 600-ə yaxın qəzet var. Qəzetlərlə yanaşı, 5 televiziya kanalı var. Bunlardan biri dövlətə aiddir. 9 regional televiziya ilə 8 özəl radionun olduğu ölkədə TRT, Samanyolu və Kanal-D televiziyaları da yayımlanır. “Zaman” qəzetinin həftədə 3 dəfə nəşr edildiyi Azərbaycanda Bürc FM radiosu 24 saat efirdədir.
Azərbaycanın iqtisadi inkişafı ilə paralel yaranan özəl televiziya və radioları tənzimləmək üçün Türkiyədəki Radio-Televizion Ali Qurumuna bənzər bir qurum fəaliyyətə başlamışdır.
ORTA SİNİF YARANDI
Böyük güclər arasında tarazlaşdırılmış siyasət izləyən Heydər Əliyev ölkədə ilk növbədə sabitliyə nail oldu və Azərbaycanın müstəqil bir dövlət olması üçün mühüm struktur dəyişikliklərinə başladı. İqtisadiyyatda sərbəst bazar iqtisadiyyatına üstünlük verdi, Azərbaycanın birinci sinif ölkələr arasında olması üçün dövlət quruluşunda struktur dəyişiklikləri həyata keçirdi və Türkiyənin də köməyi ilə güclü bir ordu qurdu. İqtisadi inkişafın son iki ildə çox sürətləndiyi diqqəti cəlb edir. Bunu Heydər Əliyevin əvvəl 400-dən artıq azərbaycanlı iş adamı, sonra da 600-ə qədər xarici sərmayədar ilə keçirdiyi görüşlərlə əlaqələndirirlər. Adambaşına düşən milli gəlir 2001-ci ildə 275 dollar idisə, bu gün 750 dollara yaxındır. Son iki ildə orta təbəqə yaranmağa başladı. Xüsusilə tikinti, ərzaq, mebel sektorlarında böyük sıçrayışlar var. Azərbaycanda 15-20 il davam edəcək quruculuq fəaliyyəti başlandı.
Türk iş adamları neft sektorundan başqa, demək olar ki, bütün sahələrə sərmayə qoyurlar. Əvvəllər kiçik müəssisələr açan iş adamlarının yerinə sənayeçilər, iri ticarətçilər və inşaatçıların gəldiyi müşahidə edilir. Müəyyən problemlər olsa da, Azərbaycan bazarı bu ölkədə 2 milyard dollarlıq sərmayəsi olan və 30 minə yaxın azərbaycanlı üçün iş yeri açan türk iş adamlarından ötrü əlverişli mərkəz olmağa namizəd kimi görünür.
Heydər Əliyevin təkidlə vurğuladığı “Biz bir millət, iki dövlətik” kəlamını həyata keçirmək üçün fəaliyyətə başlayan türk iş adamlarının Azərbaycanda təhsil sahəsində qoyduğu sərmayələr göz qamaşdırır. 1992-ci ildə Kiril əlifbasından latın əlifbasına keçən Azərbaycanda türk iş adamlarının iştirakı ilə fəaliyyətə başlayan 11 məktəb, 1 universitet və 9 hazırlıq müəssisəsi var. Bu günə qədər beynəlxalq bilik yarışlarında və dünya fənn olimpiadalarında Azərbaycana 105 medal qazandırılmışdır. 2002-ci ildə İndoneziyada keçirilən fizika üzrə olimpiadada iştirak edən 4 şagirddən 3-nün qızıl, 1-nin gümüş medal ilə qayıtması Azərbaycanda əks-səda doğurmuşdur. Məktəbləri 4 dil öyrənərək bitirən şagirdlər Azərbaycanda sərmayə qoymuz xarici şirkətlərdə asanlıqla iş tapa bilirlər. Azərbaycanda əhalinin 28 faizini 0-14 yaş qrupu təşkil edir. Təhsil səviyyəsi yüksək olan ölkədə əhalinin 97 faizi oxuya və yaza bilir.
BAKI-CEYHAN VƏ QARABAĞ MƏSƏLƏSİ
Azərbaycanda ikinci Əliyev dövrü başladı. Azərbaycanın qarşısında duran iki mühüm məsələ, görünür, bu ölkəni daha bir müddət məşğul edəcək: Bakı-Ceyhan neft kəməri və Dağlıq Qarabağ. Heydər Əliyevin müdrik siyasəti nəticəsində Bakı-Ceyhan məsələsi öz həllini tapdı. Ancaq Azərbaycan Qarabağ məsələsini hələ həll edə bilməmişdir. Seçkilərdən sonra bu iki məsələ Azərbaycanın həll etməli olduğu iki problem kimi qalır. Çünki Azərbaycan həm Qafqazın, həm də Orta Asiyanın mühüm ölkəsidir. Ona görə də Azərbaycana rəhbərlik etmək o qədər də asan deyildir. Heydər Əliyevin bu məsələdə son dərəcə mühüm bir fikri vardır: “Bizim kimi ölkələrdə təcrübəsiz insanlardan lider olmaz. ABŞ-da hər bir kəs lider ola bilər. Şərait bunun üçün məqbuldur. Amma Rusiyada, Azərbaycanda lider olmaq üçün təcrübə lazımdır”. İndi isə 42 yaşında prezidentliyə seçilən gənc İlham Əliyevi mühüm problemlər gözləyir.
Bu günlərdə Rusiyadan Türkiyəyə bir konfransda iştirak etmək üçün gələn və Qafqaz, Orta Asiya üzrə ixtisaslaşan rusiyalı jurnalist Zurab Todua ilə görüşdüm. Görüşdə Azərbaycan üzrə mütəxəssis olan jurnalist İrfan Ülkü də iştirak edirdi. Azərbaycan haqqında kitab yazan, dünəni və bu günü təhlil edən Zurab Todua dedi ki, Azərbaycanda Prezident olmaq oddan köynək geymək kimidir. O, Rusiyanın da Türkiyə kimi İlham Əliyevi dəstəklədiyini vurğuladı və bildirdi ki, seçkilərdən sonra İlham Əliyevi çətin günlər gözləyir. O, Rusiyanın İlham Əliyevi dəstəkləməsini bu səbəblə əlaqələndirir: “Türkiyə və Rusiyanın Azərbaycanla bağlı ümumi hədəfi var. Ölkənin sabitlik şəraitində olmasını istəyir. Türkiyə ilə Rusiya Qafqaz və Orta Asiya sahəsində ümumi strategiyalar inkişaf etdirməlidirlər”.
Qarabağ müharibəsində minlərcə şəhid verən, 1 milyon vətəndaşı qaçqın vəziyyətinə düşən, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın bu problemi ilə bağlı dünya bu gün susur. Bunun müxtəlif izahları var. Birləşmiş Millətlər Təşkilatına daxil olan dünya dövlətləri 10 ildir ki, bu problemlə maraqlanmırlar. Digər tərəfdən, Ermənistana Avropa və Amerikadan dəstək verildiyi gözdən qaçmır. Dağlıq Qarabağdan narkotik vasitələrin tranziti üçün istifadə edilir. Heç kim əsgərliyə getmək istəmir. Hər il Ermənistan və Qarabağdan 250-300 min adam Qərb ölkələrinə köçür. 3-4 milyonluq Ermənistanda 2 milyon insan qalmışdır. Ancaq Ermənistan rəhbərləri inadlarından geri çəkilmirlər. Azərbaycandakı iqtidar və müxalifət liderlərinin bu vəziyyətdən dərs götürmələri lazımdır.
Azərbaycan neftinin onurğa sütununu təşkil edən və kəşfiyyat işlərinin hələ davam etdiyi “Azəri-Günəşli-Çıraq” yataqlarındakı neft ehtiyatlarının 600 milyon ton olduğu proqnozlaşdırılır. “Şahdəniz” yatağındakı qaz ehtiyatı isə, təxminən 1 trilyon kubmetrdir. Ona görə də Azərbaycanın ümumi strategiyası neft və qaz üzərində qurulmuşdur. Dövlət büdcəsinin 42 faizini neft və qazdan əldə olunan gəlirlər təşkil edir. Əhalinin 20 faizi neft sahələrində işləyir. Qısacası, neft bugünkü şəraitdə Azərbaycanın iqtisadi mənadakı gələcəyi və təminatı adlandırıla bilər. Bu vəziyyət Rusiya başda olmaqla Qərb dövlətlərinin iştahını artırır. Türkiyə Azərbaycandakı proseslərə və dəyişikliyə biganə qala bilməz. Bu gün müşahidə edildiyi kimi, Türkiyə dövləti hökuməti ilə birlikdə Azərbaycanın sabitliyi üçün İlham Əliyevin tərəfində olan mövqe nümayiş etdirir.
Doktor Süleyman Doğan.
Xəbərin mətnində orfoqrafik səhv var