DÜNYA
TÜRKİYƏNİN BAŞ NAZİRİ KİPR MƏSƏLƏSİNDƏ AVROPA İTTİFAQI ÖLKƏLƏRİNİN SƏFİRLƏRİNDƏN DƏSTƏK İSTƏMİŞDİR
Baş nazir Kipr probleminin onun ölkəsinin Aİ ilə münasibətlərinə zərər verməməsi üçün səylərin davam etdiyini söyləmiş, eyni zamanda, adanın yunan hissəsinin Aİ-yə üzvlükdən istifadə edərək, bu məsələ ətrafında vəziyyəti gərginləşdirməsindən təəssüfləndiyini bildirmişdir.
O, Avropa ölkələrini hər zaman konstruktiv mövqe nümayiş etdirən rəsmi Ankaraya daha fəal yardım göstərməyə çağırmış, eyni zamanda, Kiprdə iki tərəf arasında problemin həllinə dair komissiyaların yaradılmasını təklif etmişdir.
Türkiyədə Aİ-nin başlıca tələblərindən olan korrupsiyaya qarşı mübarizədə daha səmərəli iş aparacaq səlahiyyətli bir qurumun da yaradılacağını vurğulayan Baş nazir, bu təşkilatda geniş ictimaiyyətin nümayəndələrinin təmsil olunacağını bildirmişdir.
Finlandiyanın Ankaradakı səfiri Maria Serenius Türkiyənin Aİ-yə üzvlük üçün götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində səylərinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, rəsmi Ankaranı islahatlara dair 9 paketi sentyabr ayına qədər Avropa Komissiyasına təqdim etməyə çağırmışdır. Onun sözlərinə görə, Türkiyə hökuməti müsəlman olmayan dini azlıqların hüquqlarının qorunmasına daha çox diqqət yetirməlidir. Maria Serenius AB-nin PKK-nı bir terror təşkilatı kimi tanıdığını xatırladarıq, bu təşkilatın fəaliyyətini pislədiklərini bildirmiş, onu terror hərəkətlərinə son qoymağa çağırmışdır.