İQTİSADİYYAT
TÜRKMƏNBAŞININ QƏRARI İLƏ AMUDƏRYAYENİDƏN XƏZƏR DƏNİZİNƏ TÖKÜLƏCƏKDİR
Bu günlərdə Türkmənistanın paytaxtı Aşqabadın cənub hissəsində regionda ən böyük “Türkmən nağılları dünyası” adlı Disneylendin layihəsi həyata keçirilməyə başlayacaqdır. Parkda Kopetdağ silsilə dağları, Qaraqum təpələri, qədim vaxtlarda Xəzərə tökülən Amudərya çayı kiçik formatda öz yerini tutacaq.
Ölkə prezidenti Saparmurat Niyazovun qərarı ilə 60 hektar sahəsi olan, 35 milyon ABŞ dollarına başa gələcək nadir park gələn ilin ortalarında öz balaca sakinlərini qəbul etməlidir. Layihəni Türkiyə inşaat firması həyata keçirəcəkdir.
Parkda respublika ərazisindəki əsas təbii landşaft və iqlim zonaları əks olunacaqdır. Burada dünya standartlarına cavab verən və milli üslubda tikilmiş 37 attraksion yerləşdiriləcəkdir. Parkda Xəzərdə və dünya okeanında məskunlaşmış müxtəlif balıq növlərinin saxlanılacağı nəhəng akvarium da inşa ediləcəkdir.