SİYASƏT
TÜRKSOY-un DAİMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Fevralın 5-də Bakı Muzey Mərkəzində TÜRKSOY Beynəlxalq Təşkilatı Daimi Şurasının növbəti 19-cu iclası keçirilmişdir. İclasda türkdilli ölkələrin, o cümlədən, 6 müstəqil dövlətin və Rusiya Federasiyasının subyekti olan 6 türkdilli respublikanın mədəniyyət nazirləri iştirak etmişlər.
Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev və Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, xalq yazıçısı Anar iclas iştirakçılarının Azərbaycan dövləti və parlamenti adından salamlamışlar.
TÜRKSOY-un baş direktoru, mədəniyyət naziri Polad Bülbüloğlu, Qazaxıstanın mədəniyyət, informasiya və ictimai həmrəylik naziri Muxtar Gül-Məhəmməd, Türkmənistanın baş nazirinin müavini, mədəniyyət naziri Orazgəldi Aydoğduyev, Türkiyənin mədəniyyət naziri Hüseyn Çelik və başqaları iclasda çıxış etdilər. Onlar türkdilli xalqların mədəni inteqrasiyası, bu qədim, zəngin irsin araşdırılıb üzə çıxarılmasında, dünyada geniş təbliğ olunmasında, müxtəlif mədəni layihələrin gerçəkləşməsində TÜRKSOY-un apardığı faydalı işlərdən, onun YUNESKO ilə qurduğu əməkdaşlıq əlaqələrindən danışdılar.
Türkdilli xalqlar arasında mədəni əlaqələrin inkişafında göstərdikləri yüksək xidmətə görə xalq yazıçıları Elçinə və Anara TÜRKSOY Beynəlxalq Təşkilatının xüsusi mükafatları təqdim olundu.
Sonra təsdiq edilmiş gündəlik əsasında iclas öz işini qapalı davam etdirdi.
Türkiyənin və Qazaxıstanın ölkəmizdəki səfirləri Əhməd Ünal Çeviköz, Andar Şukputov və digər səfirliklərin nümayəndələri iclasda iştirak edirdilər.
İclas öz işini fevralın 6-da başa çatdıracaqdır.