MƏDƏNİYYƏT


TÜRKSOY-un Gənclər Orkestri Balkan turuna başlayıb

Bakı, 26 iyul, AZƏRTAC

Türk dünyasının müxtəlif ölkələrindən seçilmiş gənc istedadlardan ibarət TÜRKSOY Gənclər Orkestrinin Balkan turu başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Ankara şəhərində bir araya gələrək 10 gün ərzində hazırlıq keçən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikalarının gənc sənətçiləri Balkan turu çərçivəsində ilk konsertlərini Makedoniyanın Üsküp şəhərində verib.

Konsertə Türkiyənin Makedoniyadakı səfiri Tülin Erkal Kara, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyə və Makedoniyadakı səfiri Faiq Bağırov, türk qurum və təşkilatlarının nümayəndələri və yerli sakinlər qatılıb.

Türk respublikaları arasındakı diplomatik əlaqələrin 25 illiyinə həsr edilən konsertin açılışında çıxış edən Tülin Erkal Kara türk dünyasının UNESCO-su adlandırılan TÜRKSOY-un yarandığı gündən bu günədək gerçəkləşdirdiyi tədbirlərlə türk xalqlarının qardaşlığını gücləndirmək, türk mədəniyyətini dünyaya tanıtmaq və gələcək nəsillərə gözəl bir miras qoymaq üçün çalışdığını söyləyib. TÜRKSOY Gənclər Orkestrinin bir həftəlik Balkan turuna çıxdığını vurğulayan Tülin Erkal Kara konsertə ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib.

Düsen Kaseinov isə TÜRKSOY-un yaranandan bu günə kimi türk mədəniyyət xəzinəsini qorumaq və gələcək nəsillərə çatdırmaq istiqamətində üzərinə mühüm vəzifə götürdüyünü bildirib.

“Musiqi mənəvi dünyamızı əks etdirən ilham mənbəyimizdir”, - deyən D.Kaseinov burada olmaqdan məmnunluğunu ifadə edib. Türk respublikaları arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyini qeyd etdiklərini vurğulayan baş katib, konsert vasitəsilə türk dünyasının musiqi mirasının tanıdılmasına, mədəniyyətlərarası sülh, dostluq və dialoqun möhkəmləndirilməsinə töhfə verəcəklərinə inandıqlarını deyib.

Anvar Akbarov (Qazaxıstan) və Mustafa Mehmandarovun (Azərbaycan) rəhbərliyi ilə dünya klassikləri ilə yanaşı, türk dünyası bəstəkarlarının əsərlərinin səsləndirildiyi konsert dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, TÜRKSOY-un Gənclər Orkestrinin repertuarında bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov (Azərbaycan), Seitaly Mədətov (Qırğızıstan), Rovşan Nepesov (Türkmənistan), Azamat Hasanşin (Başqırdıstan), Alsu Sungatullina (Tatarıstan) və Turqay Erdenerin (Türkiyə) əsərləri yer alır. Eyni zamanda, konsert çərçivəsində qazaxıstanlı musiqiçi Birjan Mynbayevin (kontrabas) “İligai” adlı əsərinin Makedoniya primyerası da keçirilib.

TÜRKSOY-un Gənclər Orkestri Makedoniyadakı ikinci konsertini Ohri Yazı Festivalında verəcək. Orkestrin Balkan turu digər ölkələrdəki konsertlərlə avqustun 2-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.