TÜRK DÜNYASI SOSİOLOQLARININ I QURULTAYI KEÇİRİLMİŞDİR
Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA), İstanbul Universiteti və Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Başqırdıstanın (Rusiya) sosioloq alimləri iştirak etmişlər.
Qurultayda qloballaşma dövründə türk toplumlarının qarşılıqlı münasibətlərini inkişaf etdirməsi məsələsi, habelə türk dünyasının sosial-iqtisadi problemləri, mədəni inteqrasiya və əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Toplantıda Türk Dünyası Sosioloqlar Birliyi (TDSB) yaradılmış, təşkilatın Əsasnaməsi və strateji iş proqramı qəbul edilmiş, kadr mübadiləsi, birgə araşdırmalar aparılması və ümumi jurnalın nəşr olunması razılaşdırılmışdır.
Qurultayda ölkəmizi AMEA-nın FSHTİ-nin direktoru, professor Yusif Rüstəmov və institutun bir qrup əməkdaşı, həmçinin Azərbaycan Universitetinin rektoru, professor Səlahəddin Xəlilov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Murad Bağırzadə və Qafqaz Universitetinin dekanı Məmmədəli Babaşov təmsil etmişlər.