SİYASƏT
Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Tacikistan Respublikasının Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcan Zuxurovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.