İDMAN
Taekvandoçu Ayxan Tağızadə: Məqsədim dünya çempionatından Azərbaycana yüksək əyarlı medalla qayıtmaqdır
Bakı, 21 iyun, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edən taekvando üzrə milli komandamız iyunun 24-dən 30-dək Koreya Respublikasında keçiriləcək dünya çempionatında iştirak etmək üçün bu ölkədə səfərdədir. Dünya Taekvando Federasiyasının təşkilatçılığı ilə keçiriləcək böyüklər arasında dünya çempionatına milli komandamız 12 idmançı ilə qatılır.
Səfərdən əvvəl taekvando üzrə kişi komandasının heyətində 68 kiloqram çəkidə dünya çempionatında Azərbaycanı təmsil edəcək birinci Avropa Oyunlarının və İslamiadanın çempionu Ayxan Tağızadə AZƏRTAC-a müsahibəsində yarışlara hazırlıq barədə danışıb.
Gənclər arasında Avropa birinciliyinin ikincisi olmuş A.Tağızadə bildirib ki, milli komandamız dünya çempionatına çox ciddi hazırlaşıb. Yarışa Azərbaycan Taekvando Federasiyasının təlim-məşq bazasında hazırlaşmışıq. Yığmamızın təlim-məşq toplanışı böyük ruh yüksəkliyi ilə keçib. İslamiadadan sonra zədəli olduğum üçün bir müddət məşqlərdə iştirak etmirdim. Ancaq iyunun əvvəllərindən etibarən məşqlərə başladım. Müəllimlər mənə fiziki məşqlər təyin etdilər. Eyni zamanda, həkimimiz zədəli ayağımın bərpası üçün fərdi məşqlər keçirdi. Artıq zədəm sağalıb, məşqləri hər gün iki dəfə olmaqla yüksək səviyyədə keçirmişik və yarışa həm psixoloji, həm fiziki, həm də taktiki cəhətdən yaxşı hazırlaşmışıq.
Ötən il komandalararası dünya çempionatının qalibi olan idmançımız deyib ki, 2015-ci ildə Koreyada Respublikasında keçirilmiş hərbçilərin VI dünya idman oyunlarında gümüş medal qazanmışam. Bu ölkədə keçiriləcək mundialda da Azərbaycana medalla qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Çalışacağam ki, məşqçilərin yüksək etimadını doğruldum və qarşıdakı yarışda bayrağımızı yüksəklərə qaldırım.
Gənc atlet qeyd edib ki, dünya çempionatındakı rəqiblərimin hamısı təcrübəli və titullu idmançılardır. Yarışda əsas rəqiblərim “Rio-2016”nın qalibi iordaniyalı Əhməd Abuqauş, “London-2012” Yay Olimpiya Oyunlarının çempionu türkiyəli Sərvet Tazegül, eləcə də ev sahibi ölkədən Olimpiya Oyunlarının ikiqat mükafatçısı Dae-hoon Li, “Rio-2016” Olimpiya Oyunlarının gümüş medalçısı Rusiya təmsilçisi Aleksey Denisenko, iranlı dünya çempionu Əbülfəz Yoqubi və digər ölkələri təmsil edən idmançılar olacaq.
Karyerası ərzində bir çox beynəlxalq turnirlərin qalibi olan idmançı vurğulayıb ki, Koreyadakı dünya çempionatındakı qazanılacaq xallar dünya və Olimpiya reytinq cədvəlində yüksəlmək və Tokio Olimpiadasına vəsiqə qazanmaq üçün mühüm əhəmiyyət kəsb edir. Taekvando yarışlarında Olimpiadaya lisenziya qazandıran yarışlar 2019-cu ildə Olimpiadaya bir il qalmış olacaq. Bu idman növündəki qaydalara görə, Tokio Olimpiadasınadək reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olanlar birbaşa olimpiadaya lisenziyasız vəsiqə qazana bilər.
“Hazırda 68 kiloqram çəki kateqoriyası üzrə dünya reytinq siyahısında beşinci sıradayam. Bu yarışda dünya çempionatının qalibləri 120, ikinci yeri tutanlar 80, üçüncü və dördüncü pillədə qərarlaşanlar isə 40 xal qazanacaqlar. Dünya çempionu olacağım təqdirdə reytinq xalları hesabına dünyada üçüncü sırayadək yüksələ bilərəm. Olimpiya reytinq sıralamasında isə səkkizinci yerdəyəm. Tokio Olimpiadasına birbaşa vəsiqə qazanmaq üçün Olimpiya reytinq cədvəlində ilk altılıqda olmalıyam. Ona görə bu yarışda yüksək əyarlı medala sahib olsam və ilk altılıqda qərarlaşsam, Olimpiadaya birbaşa lisenziya əldə etmək imkanlarım artacaq”, - deyə birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif olunmuş idmançı əlavə edib.
Xatırladaq ki, taekvando idman növü üzrə dünya çempionatı iki ildən bir keçirilir. Ümumilikdə dünya çempionatları tarixində Azərbaycan taekvandoçularının aktivində iki qızıl medal var. Belə ki, 2001-ci ildə ölkəmizə ilk qızıl medalı Niyaməddin Paşayev qazandırıb. 2015-ci ildə son dünya çempionatında isə 14 il fasilədən sonra Radik İsayev çempion tituluna sahib olub.