İDMAN


Tamayo Marukava Yaponiyanın Olimpiya Oyunları və gender bərabərliyi naziri təyin edilib

Tokio, 18 fevral, AZƏRTAC

Fevralın 18-də Yaponiyanın hakim Liberal Demokratik Partiyasından (LDP) deputat seçilən xanım Tamayo Marukava Olimpiya Oyunları və gender bərabərliyi naziri vəzifəsinə təyinat alıb.

AZƏRTAC xəbər verir ki, T.Marukava bu vəzifədə həmin gün Tokio Olimpiya və Paralimpiya Oyunları təşkilat komitəsinin sədri vəzifəsinə təsdiq edilən Seyko Haşimotonu əvəzləyib.

Bildirilir ki, 2016-2017-ci illərdə Tokio Olimpiadası üzrə nazir vəzifəsini tutmuş T.Marukava yenidən bu vəzifəyə təyin edilməsi ilə əlaqədar həmin gün təşkil olunacaq mətbuat konfransında iştirak edəcək.

Yeni nazir təyinatını şərh edən Baş nazir Y.Suqa əmin olduğunu bildirib ki, T.Marukavanın əvvəlki illərdə əldə etdiyi təcrübə onun Tokio Olimpiadasının təhlükəsiz və etibarlı yarışlar kimi təşkilinə yardım edəcək.

Parlamentin yuxarı palatasının üzvü olan 50 yaşlı T.Marukava, həmçinin qadınların hüquq və imkanlarının genişləndirilməsi və gender bərabərliyindən məsul nazir vəzifəsini icra edəcək.

Bu dəyişiklik Baş nazir Yoşihide Suqanın ötən ilin sentyabrında həmin vəzifəyə seçilməsindən sonra Nazirlər Kabinetinin tərkibində baş verən ilk dəyişiklikdir.

Televiziyada xəbərlər proqramının aparıcısı kimi əmək fəaliyyətinə başlayan və sonradan siyasətlə məşğul olmağa başlayan T.Marukava Yaponiyanın qərbində yerləşən Hyoqo prefekturasında anadan olub. Hazırda Yaponiya parlamentinin müşavirlər palatasında üçüncü müddətdir ki, Tokionu təmsil edir. 2015-2016-cı illərdə ətraf mühitin mühafizəsi naziri olmuş T.Marukava ötən ilin sentyabrından LDP-nin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.