MƏDƏNİYYƏT
Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də
Bakı, 22 iyun, AZƏRTAC
Türkiyənin “Haber Global” telekanalının 10 nəfərdən ibarət yaradıcı heyəti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə təcrübə mübadiləsi proqramına gəlib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, proqram iki həftə davam edəcək. Belə ki, iyulun 4-dək müxtəlif sahələr üzrə ixtisaslaşmış türkiyəli mütəxəssislər AzTV, “Mədəniyyət” və “İdman” kanallarının əməkdaşları ilə təcrübə mübadiləsi aparacaqlar. Onların arasında tanınmış TV müxbiri Murat Karataş, xəbər operatoru Ünsal Çakın, işıq dizayneri Doğan İpek və digərləri var.
Proqram çərçivəsində qonaqlar Ağdamın işğaldan azad olunmuş ərazilərinə aparılacaq. Onlar Ağdam Cümə məscidi, Qarabağ xanlarının abidələr kompleksi, “İmarət” stadionu, Çörək muzeyi və digər məkanlarda olacaqlar. Bundan başqa, türkiyəli mütəxəssislər Gəncəyə səfər edərək raket düşmüş əraziyə baxacaqlar.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında birgə media platforması yaradılıb. Platforma çərçivəsində AzTV ilə “Haber Global” bir neçə dəfə ortaq yayıma çıxıblar.
Bu proqram da Azərbaycan Televiziyasının əlaqələri genişləndirmə yolunda atdığı addımlardan biridir. Bu çərçivədə xarici mütəxəssislər tədris prosesinə cəlb olunur, yerli kadrların hazırlığı istiqamətində konkret addımlar atılır.