ELM VƏ TƏHSİL
Tarix Muzeyində “H.Z.Tağıyevin Qızlar məktəbi – 120” adlı intellektual tədbir keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) bu müəssisənin İnnovasiya və təhsil proqramları şöbəsi tərəfindən “H.Z.Tağıyevin Qızlar məktəbi - 120” adlı intellektual tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin icraçı direktoru dosent Fərhad Cabbarovun “H.Z.Tağıyevin qız məktəbinin tarixindən” mövzusunda mühazirəsi dinlənilib.
F.Cabbarov neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, bu məktəb müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoyub.
Sonra tədbir iştirakçılarına muzeyin Bərpa laboratoriyasının xalça üzrə bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən parça üzərində Azərbaycanın qədim milli ornamenti olan butanın tikilmə qaydası öyrədilib.
Muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin ev muzeyi, “Anadır arzulara, hər zaman Qarabağ”, “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” adlı sərgilərə ekskursiya edilib.
İştirakçılara sertifikatlar verilib.