ELM VƏ TƏHSİL
Tarix Muzeyində Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin açılışını əks etdirən fotoşəkil qorunur
Bakı, 11 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin açılışını əks etdirən fotoşəkil qorunur. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynayıb. Görkəmli mesenatın təşəbbüsü və dəstəyi ilə açılan bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. Bu təşəbbüsə başlayan H.Z.Tağıyev Rusiya bürokratiyasının süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. Müsəlman qızlar məktəbi üçün bina İsmailiyyə binasının yanında tikilir.
1901-ci ildə bütün şəhər əhalisi məktəbin açılışına toplaşır.
Təhsil şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idilər. Dərslər rus dilində aparılırdı. Azərbaycan dili və din dərsləri də keçirilirdi. Bu məktəb müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Keyfiyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunmuşdu. Qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı, yaraşıqlı uniforma geyinirdilər. Bolşevik işğalından sonra sovet məktəblərinin geyimi də buradan götürülüb. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən şagird qəbulunu məhdudlaşdırır. Məktəbin nüfuzu getdikcə artır, yeddi yaşına çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının məktəbinə gətirirdilər. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur.
Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Xalq Cümhuriyyəti hökuməti davam etdirdi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası ümumi müəllimlər seminariyasına çevrildi. Valideynlər artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edib, Cümhuriyyət fəallarından olublar.