ELM VƏ TƏHSİL
Tarix Muzeyinə şəhid Səməndər İsmayılzadənin şəxsi əşyaları təhvil verilib
Bakı, 17 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi Səməndər İsmayılzadənin şəxsi əşyaları təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhidin yay və qış hərbi geyimləri, ayaqqabıları, telefonu, şəkilləri, fəxri fərmanları və digər əşyaları muzeyin əməkdaşı Ayəndə Dadaşovanın vasitəsilə şəhidin bacısı Günay İsmayılzadə tərəfindən muzeyə təhvil verilib.
Səməndər İsmayılzadə 1990-cı ildə Yevlax şəhərində hərbçi ailəsində anadan olub. O, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizamına, yüksək mənəvi, işgüzar keyfiyyətlərinə görə fəxri fərmanlarla və “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) yubiley medalı ilə təltif olunub. 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən müharibəsində iştirak edib, oktyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Habelə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpası və Vətən müharibəsində göstərdiyi şücaətə görə Fəxri Fərmanla təltif olunub.