ELM VƏ TƏHSİL
“Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin ikinci cildi çapdan çıxıb
Bakı, 28 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor, Əməkdar müəllim İradə Hüseynovanın "Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin ikinci cildi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, ikinci cilddəki materiallar 2003-2005-ci illəri əhatə edir. “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabda Azərbaycanda çağdaş milli dirçəlişin böyük ideoloqu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bütün aspektləri, mərhələləri və istiqamətləri vahid sistem halında tədqiq olunub. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi milli inkişaf prioritetləri, elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya, düşünülmüş siyasi kurs, mədəni quruculuq və digər məsələlər barədə geniş təhlillər aparılıb.
Kitabda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin xalqımızın milli-mədəni dəyərlərinin, adət-ənənələrinin, tariximizin, elm, təhsil və mədəniyyətimizin qorunub saxlanmasında rolu geniş surətdə əksini tapıb.
Əsər müxtəlif sahələrdə çalışan tarixçilər, alimlər, politoloqlar, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, tarix, ictimai və siyasi elmlər sahələrində çalışan mütəxəssislər, həmçinin müəllimlər və tələbələr üçün nəzərdə tutulub.