MƏDƏNİYYƏT


Teatrların fəaliyyəti hələlik virtual müstəvidə davam edir

Bakı, 26 sentyabr, AZƏRTAC

Pandemiya ilə bağlı karantin rejimi ayrı-ayrı sahələrdə yumşaldılsa da, teatrlar mart ayından başlanan virtual müstəvidə fəaliyyəti yeni mövsümdə də davam etdirirlər. Kütləvi tədbirlərlə bağlı məhdudiyyətlər səbəbindən yaradıcı kollektivlər hələlik internet üzərindən tamaşaçılarla görüşə gəlirlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı sentyabr ayının son həftəsində maraqlı tamaşalar təqdim edir. Sentyabrın 25-də “Qafqazlı qardaşqızı” nümayiş olunub. Bu gün “Mən dəyərəm min cavana”, sentyabrın 27-də isə “Paris Notr-Dama ithaf” tamaşaları nümayiş olunacaq. Səhnə əsərləri teatrın “Facebook” səhifəsi vasitəsilə göstəriləcək.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı da yaradıcı fəaliyyəti mövcud şəraitə uyğun davam etdirir. Yeni mövsümdə iki yeni tamaşanın məşqlərinə başlanılıb və hələlik hər əsərin səhnə oxunuşu mərhələsində olan məşqlər onlayn rejimdə aparılır.

Teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyev bu il 150 illiyi qeyd olunan yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsərinə quruluş verir.

Yaradıcı heyət özbək yazıçısı Qoşqar Narqabilinin də yaradıcılığına müraciət edib. Ədibin “Rəis və beş dul qadın” əsərini teatrın quruluşçu rejissoru Nicat Mirzəzadə hazırlayacaq.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da yeni teatr mövsümünü repertuar tamaşalarının onlayn nümayişi ilə açıb. Teatr bu gün “YouTube” kanalında (saat 12:00) fransız yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Çəkməli pişik” tamaşasını nümayiş etdirib.

Bundan başqa, sənət ocağında karantin qaydaları çərçivəsində iki tamaşanın yenidən məşqləri (yeni aktyorların daxil edilməsi ilə əlaqədar) aparılır. Bunlar hələ mart ayında premyerası planlaşdırılan, lakin pandemiya səbəbi ilə təxirə düşən “Qızıl balıq” və “Balaca qara balıq” tamaşalarıdır.

Rus şairi Aleksandr Puşkinin “Balıqçı və balıq haqqında nağıl” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Ötən mövsümdə tamamlanan və premyerası təxirə düşən ikinci nümunə isə Səməd Behrənginin “Balaca Qara balıq” əsəri əsasında səhnələşdirilir. İstedadlı kukla rejissoru Namiq Ağayevin dəvət əsasında quruluş verdiyi səhnə işinin rəssamı İqbal Əliyevdir. Hər iki tamaşanın məşqləri məhdud heyət və karantin qaydaları çərçivəsində həyata keçirilir.

Şuşa Dövlət Musiqili Dram Teatrı da yeni mövsümü onlayn formatda açıb. Teatrın repertuarındakı ən baxımlı tamaşalardan sayılan “Lənkəran xanının vəziri” nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı Xaliq Cabbarovdur. Rolları Azad Məmmədov, Sevinc Ağayeva, Məmməd Səmədov, Püstəxanım Zeynalova və başqaları ifa edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.