REGİONLAR
Təbiət hadisələrinin Daşkəsənə vurduğu ziyanın nəticələri aradan qaldırılır
Daşkəsən, 15 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Daşkəsəndə təbiət hadisələrinin şəhərə vurduğu ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür.
Daşkəsən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cəbhə bölgəsində yerləşən strateji əhəmiyyətli, mürəkkəb coğrafi relyefə, soyuq və sərt iqlim şəraitinə malik Daşkəsəndə son günlər baş vermiş intensiv dolu, leysan yağışları, dağlarda qar və küləklə müşayiət olunan əlverişsiz təbiət hadisələri nəticəsində yaranan sel suları şəhərdəki suötürücü kanalları yararsız hala salıb, yollar, yol kənarlarındakı istinad divarlarının bir çoxu uçub, beton dirəklər, səkilərin üzlük daşları, yaşayış binalarının fasadları və s. yararsız vəziyyətə düşüb.
Əlverişsiz hava şəraitinin, yağışın hələ də davam etməsinə baxmayaraq, oktyabrın 12-dən Daşkəsən şəhərinin küçələrinə yeni asfalt örtüyünün çəkilməsinə başlanılıb. Eyni zamanda, təbiət hadisələri nəticəsində şəhərə dəymiş ziyanın aradan qaldırılması məqsədilə bir sıra işlər həyata keçirilib.