DÜNYA
Tehranda parlament binasına hücum edənlər zərərsizləşdirilib
Bakı, 7 iyun, AZƏRTAC
Tehranda parlament binasında antiterror əməliyyatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, İranın IRIB telekanalının məlumatına görə, bir neçə dəqiqə əvvəl təhlükəsizlik qüvvələri parlament binasına hücum etmiş 4 nəfəri zərərsizləşdiriblər. Hazırda binada yoxlama aparılır.
Bu gün səhər bir qrup silahlı şəxs qadın paltarında parlamentin binasına girib atəş açmağa başlayıb. Təsdiqlənmiş məlumatlara əsasən, hücum nəticəsində iki nəfər ölüb, 30 nəfərədək insan yaralanıb.
Təxminən eyni vaxtda Ayətullah Xomeyninin türbəsi də silahlı hücuma məruz qalıb: hücum edənlərdən biri özünü mavzoleyin yaxınlığında partladıb. Güc strukturları burada iki nəfəri həbs ediblər.
KİV-lər iki insident nəticəsində 8 nəfərədək insanın həlak ola biləcəyini xəbər verirlər. Lakin hakimiyyət orqanları yalnız üç nəfərin - iki nəfərin parlamentdə, bir nəfərin isə mavzoleyə hücum zamanı həlak olduğunu təsdiqləyib.