ELM VƏ TƏHSİL
Təhsil İnstitutu: Partlayıcı sursatların təhlükəsinə dair 17 mindən çox şagird maarifləndirilib
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış “Partlayıcı sursatların təhlükəsi barədə ailə və uşaqların maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün birgə fəaliyyət planı”na əsasən Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müəllimlər üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə təlim proqramı” layihəsi çərçivəsində işlər davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin icra olunduğu 10 rayon üzrə ümumilikdə 80 müəllimlə dəyirmi masa görüşləri keçirilib, fokus qrup müzakirələr aparılıb. Layihə çərçivəsində müəllimlər üçün təşkil olunan təlimlərin faydalılığı, mina və digər partlayıcı sursatlar mövzusunda maarifləndirmə işinin tədris edilən fənlə əlaqələndirilməsi və mövzulara inteqrasiyası, dərsdənkənar fəaliyyətlərin aparılması və digər məqamlar görüşlər zamanı müzakirə olunub.
Eyni zamanda, müdavimlərin əldə etdikləri biliklərin tətbiq keyfiyyətini yoxlamaq məqsədilə dərs dinləmələri həyata keçirilib. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Tərtər və Xocavənd rayonlarında pedaqoji fəaliyyət göstərən müəllimlərin dərsləri mütəxəssislər tərəfindən onlayn qaydada monitorinq olunub. Partlayıcı sursatların təhlükəsinə dair müəllimlərin bilik səviyyəsi, bu mövzuda tədrisin keyfiyyəti və şagirdlərin yeni əldə etdikləri biliklərin mənimsənməsi müşahidə edilərək qiymətləndirilib.
Layihə çərçivəsində bu günədək ümumilikdə 17 min 272 şagird 508 müəllim tərəfindən maarifləndirilib.