ELM VƏ TƏHSİL
Təhsil naziri: Onlayn platformada bir milyon şagird qeydiyyatdan keçib
Bakı, 16 oktyabr, AZƏRTAC
2020-ci ilin mart ayından etibarən bir milyon şagird, 100 mindən çox müəllim onlayn platformada qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib.
O bildirib ki, şagirdlərin və müəllimlərin onlayn qeydiyyatdan keçməsi onların fəaliyyətini izləməyə imkan verir. Nazir qeyd edib ki, ötən müddət ərzində müxtəlif tədris planları sınaqdan keçirilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində oktyabrın 19-dan noyabrın 2-dək məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən ediləcək. Məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti isə dayandırılır.