ELM VƏ TƏHSİL
Tələbələr Rabindranat Taqorun həyat və yaradıcılığı barədə məlumatlandırılıb
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) böyük hind ədibi və mütəfəkkiri, Nobel mükafatı laureatı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində təşkil olunan tədbiri yüksək qiymətləndirib və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.
Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev bildirib ki, Rabindranat Taqor haqqında həm onun müasirləri, həm də ondan sonra yaşamış bir sıra mütəfəkkirlər, ictimai-siyasi xadimlər müxtəlif fikirlər söyləyiblər. Lakin 1998-ci ildə “Rifah iqtisadiyyatı mövzusundakı əlavələrinə görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Amartiya Senin Rabindranat Taqorun şəxsiyyətinə və yaradıcılığına yanaşma tərzi diqqəti daha çox cəlb edir. Rabindranat Taqoru Benqaliyanın “qızıl səsi” adlandıran müəllif qeyd edib ki, Taqor mədəniyyətlərin toqquşması məsələsinə öz əsərlərində xüsusi yer ayırıb. Taqorun fikirləri ona görə inandırıcı görünürdü ki, o, bir-biri ilə ciddi rəqabətdə olan müsəlman, xristian və Şərq sivilizasiyalarının təsiri altında formalaşmış üç mədəniyyətin qovuşuğunda - indus, müsəlman və ingilis mədəniyyətli benqal ailəsində böyümüşdü.
Rabindranat Taqorun həyat və fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədovun hind ədibi ilə bağlı məruzəsi dinlənilib.
Tədbirdə Azərbaycan Dillər Universitetinin Hind Dili və Mədəniyyəti Mərkəzinin kollektivinin ifasında Rabindranat Taqorun müəllifi olduğu şeirlər və mahnılar səsləndirilib.