İQTİSADİYYAT
Tələbələr “Sığorta və sığorta mədəniyyəti” mövzusunda maarifləndirilmişlər
Bakı, 4 aprel (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC-nin maarifləndirmə layihəsi üzrə ilk təlimi Azərbaycan Universitetində keçirilmişdir.
ASC-nin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Sığorta və sığorta mədəniyyəti” mövzusunda keçirilmiş təlimin açılışında çıxış edən Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov “PAŞA Həyat Sığorta” ASC tərəfindən tələbələrlə bağlı həyata keçirilən maarifləndirmə işlərini yüksək qiymətləndirmişdir.
Rektor diqqətə çatdırmışdır ki, bu təlim tələbələri daha dəqiq istiqamətlərə yönəltməklə əmək bazarına ilk addımlarını atan gənclərə böyük dəstək ola bilər. Azərbaycan Universitetinin tələbələri təhsil aldıqları müddətdə universitetin tərəfdaşları ilə sıx əlaqələrindən faydalanaraq karyeralarını daha uğurlu qurmaq imkanı əldə edirlər. Ümidvaram ki, bundan sonra da sığorta şirkəti ilə əməkdaşlığımız uğurlu və davamlı olacaqdır.
Azərbaycan sığorta bazarının mövcud inkişaf meyllərindən, dövlətin sığorta sektoruna diqqət və qayğısından danışan “PAŞA Həyat Sığorta” ASC-nin strateji inkişaf üzrə direktoru İsrail Qarayev bu sahədə aparılan islahatların uğurlu və məqsədəuyğun olduğunu qeyd etmişdir.
İ.Qarayev daha sonra sığorta şirkətinin tələbələrlə bağlı həyata keçirilən maarifləndirmə layihəsi barədə məlumat vermişdir. Bildirmişdir ki, layihənin icrasına 2013-cü ilin iyulundan başlanmışdır və indiyədək təlimlərdə 150-dən çox tələbə iştirak etmişdir. Layihənin əsas məqsədi tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə maraqlarını, həmçinin bilik, bacarıq və qabiliyyətlərini artırmaqdır.
İki gün davam edən təlimdə tələbələrə sığorta haqqında ümumi məlumatlar, sığortanın hüquqi bazası, mədəniyyəti, müqavilələrin hazırlanması, sığortaçının hüquq və öhdəlikləri, sığorta sektoru, Azərbaycan və xarici sığorta bazarlarının inkişaf istiqamətləri və mövcud vəziyyətindən danışılmışdır.
Təlimin sonunda tələbələrə sertifikatlar verilmişdir.