REGİONLAR
“Təmiz hava” aylığı çərçivəsində Astarada keçirilən reyddə 70-ə yaxın sürücü cəzalandırılıb
Astara, 22 avqust, Bağır Əliyev, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “təmiz hava” aylığı çərçivəsində Astara rayonunda nəqliyyatın sıx olduğu küçələrdə reydlər keçirilib.
AZƏRTAC xəbər verir ki, reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının iştirak etdiyi reyddə daha çox Rusiya istehsalı olan avtomobillərdə havaya buraxılan dəm qazı normadan artıq olan 70-dən çox nəqliyyat vasitəsi saxlanılıb.
Bəzi sürücülər idarə etdikləri avtonəqliyyat vasitələrindən mühərrikdən çıxan dəm qazının miqdarının normadan çox olmasına görə inzibati məsuliyyətə cəlb olunublar.
Reyd zamanı, həmçinin yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb, onlar barəsində müvafiq inzibati cəza tədbirləri görülüb.