REGİONLAR
Tərtər pambıqçıları bu günədək 6204,7 ton məhsul toplayıblar
Tərtər, 30 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cari ilin məhsulu üçün 3300 hektar sahədə pambıq becərən tərtərli fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan tərtərlilər bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günə qədər tarlalardan 6204,7 ton məhsul toplanıb. Hər hektardan orta hesabla 18,8 sentner məhsul götürülüb. Hələ tarlalarda yığılmamış məhsul çoxdur. Tərtər pambıqçıları havaların əlverişli keçməsindən istifadə edərək, hər gün orta hesabla 130 tondan çox məhsul toplayırlar. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC-yə təhvil verilir.
Ötən il 3123 hektarda pambıq becərən Tərtər pambıqçıları tarlalardan 8419 ton məhsul tədarük ediblər. Bu, orta məhsuldarlığa görə ötən il respublika üzrə ən yüksək göstərici olub.