REGİONLAR
Tərtərdə bu günədək 54 min 500 ton şəkər çuğunduru yığılıb
Tərtər, 24 noyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda şəkər çuğunduru yığımı başa çatmaq üzrədir.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, torpaq mülkiyyətçiləri bu il 1541 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Bu, ötən illə müqayisədə 354 hektar çoxdur. Tərtərli fermerlər bu günədək 1450 hektar sahənin məhsulunu toplayıb, 54 min 500 ton çuğundur yığıblar. Hər hektardan məhsuldarlıq orta hesabla 375,86 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.
Qeyd edək ki, şəkər çuğunduru Tərtər rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.