REGİONLAR
Tərtərdə ilin birinci rübündə 3 milyon 257,1 min manatlıq tikinti-quraşdırma işləri görülüb
Tərtər, 13 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri 2019-cu ilin birinci rübündə də davam etdirilib. Bu dövrdə 3 milyon 257,1 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 780,6 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Tərtər rayonunda 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Hesabat məruzəsində bildirilib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Birinci rübdə “Azərxalça”nın Tərtər filialının tikintisi başa çatdırılıb, Tərtər-Hindarx avtomobil yolunun rayon ərazisindən keçən 19 kilometr hissəsində əsaslı təmir işləri aparılıb. Tərtər şəhərinin Mehdi Hüseynzadə və Vəzir Orucov küçələrinə asfalt döşənib. Ekoloji tarazlığın qorunması məqsədilə 9 mindən çox müxtəlif növ ağac, 2 min ədəd gül, 500 min ədəd həmişəyaşıl kollar əkilib. Kovdadıq və Zolgəran kəndlərində modul tipli məktəb binalarının quraşdırılması başa çatmaq üzrədir. Hazırda rayon icra hakimiyyətinin inzibati binasının, Bayraq muzeyinin və Olimpiya İdman Kompleksinin tikintisi, Sarov-Borsunlu kəndlərarası avtomobil yolunda əsaslı təmiri davam etdirilir.
Diqqətə çatdırılıb ki, ilin üç ayında rayonda ümumi məhsul buraxılışının həcmi 28,7 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 3 milyon 612,7 min manat investisiya yönəldilib. 278-i daimi olmaqla, 728 yeni iş yeri açılıb.
Yığıncaqda qeyd olunub ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin birinci rübündə kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artaraq 7 milyon 570,8 min manat təşkil edib. Cari ilin məhsulu üçün 3427 hektar sahədə pambıq, 682,5 hektarda şəkər çuğunduru, 811,5 hektarda dən üçün günəbaxan, 854 hektarda təzə yonca, 261,5 hektarda müxtəlif növ tərəvəz, 278 hektarda kartof, 42 hektarda noxud, 10,6 hektarda sair bitkilər əkilib. Hazırda yazlıq bitkilərin səpini davam etdirilir.
Hesabat dövründə 795 ton diri çəkidə ət, 5 min 636,9 ton süd, 3 milyon 285 min ədəd yumurta istehsal edilib. 2018-cı ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 0,5 faiz artıb. Heyvandarlıq məhsulları istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Birinci rübdə 447 baş heyvan süni yolla mayalandırılıb, 269 baş cins tərkibi yaxşılaşdırılmış buzov doğulub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, sahibkarlığın inkişafı, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.