REGİONLAR
Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir
Tərtər, 4 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli videomüşavirəsində verilmiş tapşırıqlara uyğun olaraq, Tərtər şəhərində reydlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı, polis şöbəsinin əməkdaşları və mobil qrupların üzvləri Tərtər şəhərinin mərkəzi küçə və meydanlarında, bazar ərazisində, ticarət və ictimai-iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparırlar. Vətəndaşlara mobil qrupun üzvləri tərəfindən metodiki təlimatlar paylanılır. Sakinlərə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, gigenik qaydalara düzgün riayət olunması tövsiyə olunur. Karantin qaydalarına əməl etməyənlər haqqında ciddi şəkildə inzibati cəza tədbirləri görüldüyü bildirilir. Reydlər zamanı, həmçinin aidiyyəti qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilir.
Karantin qaydalarını pozduğuna və antisanitar şəraitdə fəaliyyət göstərdiyinə görə şəhərin Elman Hüseynov küçəsində yerləşən Rəfailli Sənan Ziyəddin oğluna məxsus “059” idman zalı bağlanıb, 29 ticarət və ictimai-iaşə obyektinin rəhbərinə xəbərdarlıq edilib, 6 nəfər qoruyucu maskalardan istifadə etmədikləri üçün yüz manat cərimə olunub.
Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 59 mobil qrup fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.