REGİONLAR
Tərtərdə koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
Tərtər, 31 mart, AZƏRTAC
Tərtər rayonunda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktiki tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Yaradılan mobil qruplar Tərtər şəhərində və rayonun kəndlərində sakinlərlə söhbətlər aparır, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirirlər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.
Tərtər şəhərinin küçələrində, inzibati idarələrdə, çoxmənzilli yaşayış binalarının həyətlərində və giriş qapılarında, eləcə də rayonun qəsəbə və kəndlərində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.