CƏMİYYƏT
Tərtərdə qrad raketinin hissəsi aşkar edilib
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 11-də iki əkin sahəsində 10 partlayış yerinə baxış keçiriblər. Tərtər rayonunun Çaylı kəndində bir partlamamış hərbi sursat - “9M22U” qrad raketinin mühərrik hissəsi aşkarlanaraq götürülüb. Gün ərzində 10,5 min kvadratmetr ərazi təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Mahrızlı kəndində bir əkin sahəsində 6 partlayış yerinə baxış olub. Nəticədə partlamamış hərbi sursat aşkar edilməyib. Yoxlanılmış ərazi 4 min kvadratmetr təşkil edib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 11-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1580 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.