CƏMİYYƏT
Texniki Müayinə mərkəzləri bayram günlərində fasiləsiz rejimdə fəaliyyət göstərir VİDEO
Bakı, 22 mart, AZƏRTAC
Bayram günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə mərkəzləri fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı sürücülərə müraciət edilərək nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayonlarının sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Texniki baxışdan keçməyən avtomobillər xüsusi texniki vasitələrlə müəyyənləşdiriləcək və sürücülər cərimə olunacaqlar.
Sürücülərdən Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyə olunur. Bununla bağlı Texniki Müayinə mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər. Bəzi hallarda sürücülər texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Amma hər bir nəqliyyat vasitəsinin sahibi və sürücüsü bilməlidir ki, bu cür faktlar tez bir zamanda aşkar edilir.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimələnir. Bundan başqa, vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012 511-08-40 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər.