MƏDƏNİYYƏT
Teymur Rzayev: Dövlətimiz tərəfindən görülən işlər yaxın zamanda Qarabağda həyatın yenidən canlanacağından xəbər verir
İstanbul, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsindən bir il keçir. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin qəti qərarlı təlimatları altında tək yumruq olan Azərbaycan xalqının mərd oğulları otuz illik Qarabağ həsrətinə son qoydular. Bu Zəfər, eyni zamanda şəhidlərimizin və qazilərimizin inanılmaz Vətən sevgisi sayəsində əldə edilib. Bu Vətən uğrunda canından keçənlərin xatirəsi heç bir zaman unudulmayacaq, onlar artıq ürəklərdə öz layiqli yerlərini tutublar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev ifadə edib.
Hər zaman olduğu kimi, Vətən müharibəsi dövründə də Azərbaycanın haqlı davasında dəstəyini əsirgəməyən başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün türk xalqına, eləcə də Azərbaycana dəstək olan bütün ölkələrə və xalqlara Azərbaycanın bir övladı olaraq öz təşəkkürünü bildirən Teymur Rzayev deyib: “Torpaqlarımız düşməndən təmizləndi, Vətən torpağı dərin bir nəfəs alaraq həqiqi sahiblərini bağrına basdı. Otuz ilə yaxın davam edən işğal dövrü ərzində bütün bölgələrimizdə sözün əsl mənasında daş-daş üstündə qalmayıb. Bütün ərazilərimiz minalanıb, torpaqlarımız istifadəyə yararsız hala gətirilib. İndi isə bütün dünya görür ki, bu torpaqların əsl sahibi kimdir. Vətən müharibəsindən ötən bu bir il ərzində dövlətimiz tərəfindən görülən işlər həqiqətən də yaxın zamanda bu torpaqlarda həyatın yenidən canlanaraq, əmin-amanlıq içində davam edəcəyindən xəbər verir”.
“Mən bir rəssam olaraq, dünyanın bütün ölkələrindən olan professional, uğur əldə etmiş rəssam, heykəltaraş və ümumiyyətlə bütün sənət adamlarının işğaldan azad edilən ərazilərimizi gəzmələrini, görmələrini çox istərdim. Sonra isə onların təəssuratları əsasında yaratdıqları əsərlərdən ibarət sərginin təşkil edilməsi və bu sərgidəki əsərlərin Şuşada inşa edilən muzeyə bağışlanmasını çox istərdim. Fikrimcə bununla Azərbaycan mədəniyyətinə çox dəyərli və zəngin bir sənət kolleksiyasını qazandırmış olarıq. Bir azərbaycanlı olaraq mən də bu işlə əlaqədar hər cür dəstəyə hazıram. Azərbaycanımızın Vətən müharibəsindəki böyük Zəfərinin birinci ildönümünü ürəkdən təbrik edir, şanlı bayrağımızın hər zaman Zəfər Bayrağı olaraq yüksəklərdə dalğalanmasını diləyirəm”, -deyə professor qeyd edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul