CƏMİYYƏT
Təyyar Eyvazov: Təbii immunitet 6-8 aydan sonra azaldığına görə 3-cü doza peyvənd vurdurması məsləhətdir
Bakı, 15 sentyabr, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə birinci doza peyvənd vurdurduqdan sonra ikinci dozanı vurdurmayan vətəndaşın uzun müddətdən sonra vurdurduğu peyvəndi qüvvətləndirici doza hesab etmək olmaz. Əksinə, uzun müddətdən sonra vurulan peyvənd birinci doza hesab edilir. Yalnız bundan sonra vaxtında vurulan peyvəndlər mərhələli şəkildə ikinci və üçüncü doza kimi qəbul edilə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabındakı çıxışı zamanı deyib.
Bildirib ki, pandemiyanın davam etdiyi müddətdə koronavirusun daim yeni ştamları yaranması normaldır.
“Yəni, pandemiyanın qarşısı alınmayana qədər yeni mutasiyaların baş verməsi də qaçınılmazdır. Ona görə də infeksiya əleyhinə vaksinasiya prosesində aktiv iştirak etmək lazımdır. Nəzərə almaq lazımdır ki, infeksiyaya yoluxduqdan sonra əmələ gələn təbii immunitet 6-8 aydan sonra azaldığına görə 3-cü doza peyvənd vurulması məsləhət görülür. Xüsusilə xroniki xəstəliyi olanlarda formalaşan təbii immunitetin müddəti daha az ola bilər. Ona görə də xəstəlik keçirənlər arxayın olmamalı və mütləq qorunmalıdırlar”, - deyə baş infeksionist vurğulayıb.