CƏMİYYƏT
Tibb Universitetinin əməkdaşı Gürcüstanda keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Tədqiqat Mərkəzinin Elektron Mikroskopiya Laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Hüseynəli Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Brain & Neuroplasticity: Structural and Molecular Aspects” mövzusunda IV Beynəlxalq Simpozium və Gənc Alimlər Məktəbində iştirak edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, F.Hüseynəli simpoziumda histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımovun rəhbərliyi ilə laboratoriyada yerinə yetirilən elmi işlərin nəticəsi olaraq “Elektron mikroskopiya üçün yeni metodlar” mövzusunda məruzə ilə çıxış edib. Həmçinin “Elektron mikroskopiyada müasir yanaşmalar” adlı posterini nümayiş etdirib.
Tədbirin sonunda F.Hüseynəli beynəlxalq sertifikatla təltif edilib.
Qeyd edək ki, simpoziumda ABŞ, Kanada, İsrail, Macarısan, İsveç, Rusiya və digər ölkələrdən dəvət olunmuş alimlər mövzu üzrə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında interaktiv şəkildə müzakirələr və birgə layihələrin yerinə yetirilməsi barəsində fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, ötən il ATU ilə Gürcüstanın İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzi və İlia Dövlət Universiteti arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.