İQTİSADİYYAT
Tibb müəssisələrinin nümayəndələri üçün dövlət satınalmalarının təşkili mövzusunda təlim keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti növbəti seminar keçirib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinin əməkdaşları iştirak ediblər. Seminarda Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov çıxış ediblər. “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda keçirilən interaktiv təlimdə dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, iddiaçıların ixtisasına dair tələblər, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları ilə satınalmanın nəticələri, satınalma müqaviləsinin bağlanması və idarə olunması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.