ELM VƏ TƏHSİL
Tibbi maarifləndirmə: “Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri”
Bakı, 20 fevral, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Hövsan qəsəbəsindəki 281 nömrəli tam orta məktəbdə “Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri” mövzusunda mühazirə keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Səidə Xanməmmədova tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri barədə gənclərə məlumat verib. Qeyd olunub ki, tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada hər il altı milyondan artıq insan vəfat edir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyub.
Bildirilib ki, tütünçəkmə və spirtli içkilərdən istifadə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi maddi zərər vurur. Bu ziyanlı vərdişlər nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütün və spirtli içkilərdən imtina etdikdən sonra azalır.
Sonda S.Xanməmmədova gənclərin suallarını cavablandırıb.