İDMAN


Tokio olimpiadasını 16 minə yaxın xarici jurnalist işıqlandıracaq

Bakı, 17 iyul, AZƏRTAC

Altı gündən sonra start götürəcək Tokio Yay Olimpiya Oyunlarını 200 ölkədən 16 minə yaxın xarici jurnalist işıqlandıracaq.

AZƏRTAC Yaponiya ictimai televiziyasına istinadla xəbər verir ki, Oyunların işıqlandırılması ilə dünyanın iki minədək informasiya kompaniyası məşğul olacaq. Yerli hakimiyyət orqanları yarışları işıqlandıracaq jurnalistlərin 70-80 faizinin koronavirusa qarşı peyvənd olunacağını gözləyir.

Tokio olimpiadasına akkreditə olunan xarici jurnalistlərin yerləşməsi Oyunların Təşkilat Komitəsi tərəfindən müəyyənləşdirilən sərt qaydalar əsasında tənzimlənəcək. Onlar ölkəyə girişdən sonrakı 14 gün ərzində ictimai nəqliyyatdan istifadə etməməli, habelə hər hansı tədbiri işıqlandırmaq qrafiki barədə təşkilatçılara əvvəlcədən məlumat verməlidirlər.

2020-ci ildə pandemiya səbəbindən təxirə salınan Olimpiya Oyunlarının bu il iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur. Təşkilatçılar Oyunları xarici azarkeşlər olmadan keçirməyi qərara alıblar. Həmçinin Tokio da daxil olmaqla, altı prefekturada tədbirlərə yerli tamaşaçılar buraxılmayacaq.

Olimpiada ərəfəsində koronovirusun yayılması ilə bağlı vəziyyət sadə deyil: Yaponiya paytaxtında gündəlik yoluxma halları mindən yuxarı olaraq qalır. Tokioda epidemioloji şəraitin pisləşməsi səbəbindən avqustun 22-dək davam edəcək fövqəladə vəziyyət rejimi yenidən qüvvəyə minib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.