REGİONLAR
Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri görülür
Bakı, 20 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmiricilərin say miqdarının müəyyən edilməsi məqsədilə 12500 hektar sahədə fitosanitar müşahidə tədbirləri həyata keçirilib və Ceyrançöl ərazisində 9200 hektar sahənin təhlükəli zərərvericilərlə sirayətləndiyi müəyyən edilib.
Dövlət Fitosanitar Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yoxlamalar zamanı müəyyən edilib ki, taxıl, qarğıdalı, şəkər çuğunduru kimi dənli bitkilər əyildiyi üçün gəmiricilərin qidalanmasına əlverişli şərait yaranıb. Bu da onların yaşam tərzinin yaxşılaşmasına və çoxalaraq artmasına səbəb olub.
Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən zərərvericilərin artımının iqtisadi zərərvurma həddini keçməsinin qarşısını almaq məqsədilə kimyəvi mübarizə tədbirlərinə başlanılıb.
Mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlanaraq, hər yuva üçün 10 qram olmaqla istifadə edilib.
Aldadıcı yemin hazırlanmasında və tətbiqində texniki təhlükəsizlik qaydalarına ciddi nəzarət olunur.
Qeyd edək ki, hazırda kimyəvi mübarizə işləri davam etdirilən Ceyrançöl ərazisində köçəri quşlar (qızıl qaz, kəklik, turac, bildirçin, sürü halında yaşayan çəyirtkəkimilərin entomafaqı olan ala sığırçın) çoxluq təşkil etdiyi üçün işlək yuvalara zəhərli aldadıcı yemlərin qoyulması zamanı yuvaların bağlanmasına daha çox diqqət yetirilir.
Bunun üçün də ərazidə işləyən fəhlələr işə başlamamışdan əvvəl təhlükəsizlik qaydaları ilə bağlı ciddi şəkildə təlimatlandırılmaqla yanaşı, aldadıcı yemi tətbiq edən zaman yuvaların ağzının bağlanmasında diqqətli olmalarına dair tövsiyələr verilir.
Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən müşahidə və mübarizə tədbirləri davam etdirilir.