REGİONLAR
Tovuzda yaş baramanın tədarükünə başlanılacaq
Tovuz, 9 iyun, Rauf Hacıyev, AZƏRTAC
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018 - 2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Tovuz rayonunda məqsədyönlü işlər görülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il rayonda 9 ton 781 kiloqram barama istehsal edilib.
Bu, 2017-ci ildəkindən 2911 kiloqram çoxdur. Bu il isə kümçülər tərəfindən 13 min kiloqram yaş baramanın yetişdirilməsi nəzərdə tutulub.
Hazırda rayonun Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Cəlilli və Düz Cırdaxan kəndlərinin kümçüləri barama yetişdirməklə məşğuldurlar.
Qeyd edək ki, ipəkqurdu yetişdirmək üçün kümçülər tərəfindən əvvəlcədən lazımi hazırlıq işləri görülüb, otaqlar istiliklə təmin edilib. Həmçinin rayonda kifayət qədər yem bazası yaradılıb.
Kümçülər bildiriblər ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb.