SİYASƏT
Tuğ və Salakətin kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 20 il keçir
Beyləqan, 31 oktyabr (AZƏRTAC). Xocavənd rayonun Tuğ və Salakətin kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 20 il keçir.
AZƏRTAC xəbər verir ki, xocavəndli məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsinin Mədəniyyət Evində anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə qəsəbədə “Şəhidlər” abidə kompleksi önünə əklil qoymuş, şəhidlərin ruhuna ehtiramlarını bildirmişlər.
Sonra Mədəniyyət Evinin qarşısında Tuğ və Salakətin kəndlərinin mənzərələrini və tarixini əks etdirən fotostendə baxış keçirilmişdir.
Mərasimdə Tuğ kənd orta məktəbinin 125 illik yubileyinə həsr olunmuş “Haradan başlanır Vətən” filmi təqdim edilmişdir.
Daha sonra Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışmışdır. Bildirmişdir ki, 1991-ci il oktyabrın 30-da Xocavənd rayonunun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də isə Xətai, noyabrın 19-da Xocavənd, 1992-ci il yanvarın 9-da Haxullu kəndləri işğal edilmişdir. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törətmiş, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçirmişlər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkino kəndləri, 1993-cü il iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılmışdır. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan 145 xocavəndli şəhid olmuşdur.
Digər çıxış edənlər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışmış, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini pisləmişlər. Çıxış edənlər işğal altında olan torpaqlarımızın, o cümlədən Xocavənd rayonunun Prezident İlham Əliyevin qətiyyəti sayəsində azad olacağına əmin olduqlarını vurğulamışlar.
Mərasim Tuğ kənd orta məktəbi şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları bədii proqram ilə davam etmişdir.
Xatırladaq ki, 1991-ci il oktyabrın 30-da Xocavənd rayonunun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur. Respublikamızın dilbər guşələrindən olan Tuğ və Salakətin kəndləri Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndlərin ərazisində orta əsrlərə aid alban məbədləri, yaxınlığında məşhur Azıx və Tağlar mağaraları vardır. 125 yaşı olan Tuğ məktəbi ölkəyə yüzlərlə alim, dövlət məmuru, hərbçi, təhsil, mədəniyyət və incəsənət işçiləri bəxş etmişdir.