ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində Anım Günü tədbiri



Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan “27 sentyabr Azərbaycanda Anım Günüdür” adlı onlayn tədbir keçirilib. Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri universitetin rektoru İlham Mədətov açaraq 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını söyləyib.
Rektor “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Bu Sərəncamın Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə sonsuz ehtiram əlaməti olduğunu vurğulayıb.
“Prezident İlham Əliyevin də dediyi kimi, 30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Son illər ərzində dəfələrlə bəyan olunurdu ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Azərbaycan öz tarixi torpaqlarından işğalçıları qovaraq, ərazi bütövlüyünü bərpa etdi”, - deyə İlham Mədətov bildirib.
Rektor Vətən müharibəsində ATMU-nun tələbə və məzunlarının da şücaət göstərdiklərini qeyd edib: “Universitetin məzunu Məhəmmədəli Həsənzadə noyabrın 6-da Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Yasin Səməndərov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək qazi olub. Ümumilikdə 100 nəfərdən artıq tələbə və məzunumuz müharibədə iştirak edib, onlardan 70 nəfərə yaxını Azərbaycan Respublikasının müxtəlif medallarına layiq görülüb”.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən ATMU-nun məzunlarından Kamran Mirzəyev və Qadir Yaqublu keçdikləri döyüş yolundan söz açıb, mübariz oğullarımızın qəhrəmanlıqlarından, xalqın ön cəbhəyə böyük dəstəyindən qürur hissi ilə bəhs ediblər.