İQTİSADİYYAT
Türk dünyasının beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri müzakirə edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Türk dünyasının beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri müzakirə edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, Mərkəzin icraçı direktoru Vüsal Qasımlı ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı arasında görüş keçirilib.
Vüsal Qasımlı səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və səfirin Azərbaycandakı fəaliyyətinin qardaş ölkələr arasında ikitərəfli əlaqələri daha da genişləndirəcəyinə əminliyini bildirib. V.Qasımlı, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi misilsiz dəstəyə görə qardaş Türkiyə dövlətinə və xalqına minnətdarlığını ifadə edib. Görüşdə Strateji Yol Xəritələrinin həyata keçirilməsi, yeni sosial-iqtisadi inkişaf strategiyası, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramının və Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması, eləcə də dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi sahəsində İİTKM-in fəaliyyəti barədə məlumat verilib.
V.Qasımlı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, Mərkəzin layihələri olan “Azexport.az”, “EnterpriseAzerbaijan.com”, Rəqəmsal Ticarət Qovşağı, “Azranking.az” və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə məlumatı təqdim edib. Türk dünyasının iqtisadi-ticari və nəqliyyat-logistika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfir Cahit Bağcı iki qardaş ölkə arasında strateji əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və hər iki ölkə arasında əlaqələrin daha da sürətləndirilməsində yeni imzalanan Şuşa və Bakı Bəyannamələrinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda “ASAN Xidmət”, DOST mərkəzləri kimi sosial innovasiya xidmətlərini yüksək qiymətləndirən səfir sahibkarlığın inkişafına dəstək sahəsində göstərilən xidmətlərdən məmnunluğunu da ifadə edib və bu sahədə Türkiyədən olan müvafiq qurumlarla qarşılıqlı əməkdaşlığa dəstək verməkdə maraqlı olduqlarını bildirib.