ELM VƏ TƏHSİL
Türk-müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri araşdırılacaq
Bakı, 19 oktyabr, AZƏRTAC
Noyabrın 29-da Azərbaycan İlahiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans keçiriləcək.
İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi türk-müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələrin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün bir platforma təşkil etməkdir.
Konfrans “Antik yunan və Roma filosoflarının əsərlərinin İslam mütəfəkkirlərinin yetişməsində rolu”, “Müsəlman Şərqində elmin inkişafına “Qurani-Kərim”in və ərəb dilinin təsiri”, “Bəşər sivilizasiyasının inkişafında türk-müsəlman alimlərinin rolu”, “Müsəlman dünyasında elmin inkişafında kitabxanaların rolu”, “Türk-müsəlman alimlərinin elm və texnologiyaya töhfələri araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Dəqiq, təbiət və humanitar elmlərin inkişafında türk-müsəlman alimlərinin xidmətləri”, “Türk-müsəlman alimlərinin elmi və fəlsəfi əsərlərinin dünya dillərinə tərcüməsi”, “Müasir dövrdə elm və texnologiyanın inkişafında türkdilli dövlətlərin rolu: prioritetlər və gözləntilər” istiqamətlərini əhatə edəcək.
Təqdim olunan məqalələrdə minimum söz sayı 1500 olmalıdır. Məqalənin adı, müəllifin elmi dərəcəsi və elmi adı (olduğu təqdirdə), müəllifin adı və soyadı, işlədiyi müəssisənin adı və tutduğu vəzifə (təhsil aldığı müəssisənin və fakültənin adı) səhifənin yuxarısında sağda göstərilməlidir. Məqalə giriş, yarımbaşlıqlar və nəticədən ibarət olmalıdır. 3 dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar sözlər yazılmalıdır.
Məqalələr oktyabrın 30-dək [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərilməlidir.
Konfrans materialları kitab şəklində çap olunacaq.