ELM VƏ TƏHSİL
“Türkdilli ölkələrdə təhsil və sosial elmlər” mövzusunda dördüncü beynəlxalq simpozium uğurla yekunlaşıb
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illik yubileylərinə həsr edilmiş “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” mövzusunda dördüncü beynəlxalq simpozium işini başa çatdırıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, simpoziumda Türkiyənin və Azərbaycanın aparıcı universitetlərinin tanınmış və nüfuzlu alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məsul şəxsləri, Türkiyə Respublikasının Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Beynəlxalq Mədəniyyət və Dil Araşdırmaları Mərkəzinin, Türk Dünyası Təhsilçilər Birliyinin, Yunis Əmrə İnstitutunun və digər elmi müəssisələrin təmsilçiləri iştirak ediblər.
Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” dördüncü beynəlxalq simpoziumu bu Sərəncama uyğun keçirilən tədbirdir. Beynəlxalq simpozium yüksək səviyyədə keçib və uğurla yekunlaşıb.
Türk Tarix Qurumunun rəhbəri Refik Turan, Adnan Menderes Universitetinin professoru Asuman Seda Saracaloğlu, Biruni Universitetinin təhsil fakültəsinin dekanı, professor Adnan Ömerustaoğlu, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər çıxış edərək beynəlxalq simpoziumun keçirilməsini türk dünyası üçün böyük hadisə kimi qiymətləndiriblər.
Rektor Cəfər Cəfərov yekun çıxışında bildirib ki, böyük elm və təhsil məbədi olan ADPU ölkəmizdə ilk anadilli ali təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi müddət ərzində 150 mindən çox pedaqoji kadr hazırlayıb. AMEA-nın on prezidentinin üçü - Yusif Məmmədəliyev, Həsən Abdullayev, Zahid Xəlilov, iki vitse-prezidenti - Heydər Hüseynov və Səməd Vurğun ADPU-nun məzunlarıdırlar. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir. Üç ilə yaxındır ki, Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Geniş şəbəkəyə malik olan ADPU-da 18 mindən çox tələbə təhsil alır. Müəllim hazırlığı ölkənin, xalqın milli təhlükəsizlik məsələsidir. Universitetimizin kollektivi yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaq üçün əzmlə fəaliyyət göstərir. Belə beynəlxalq tədbirlər bu vacib vəzifənin həyata keçirilməsində önəmli rol oynayır.
Tədbir konsert proqramı ilə davam edib.