DÜNYA
Türkiyədə koronavirusa yoluxma sayı sürətlə artır
Ankara, 29 noyabr, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma tempinin bütün ölkə üzrə kütləvi xarakter alması davam edir. Riskləri azaltmaq üçün müxtəlif sərtləşdirilmiş tədbirlər görülür. Eyni zamanda məcburi qaydada maska taxmaq, sosial məsafə qorumaq və təmizliyə əməl etmək ən mühüm çağırış kimi qalmaqdadır.
AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 28-də Türkiyədə 174 min 443 nəfər testdən keçirilib. Onlardan 30 min 103 nəfərdə infeksiya aşkarlanıb, 6714 nəfər xəstə kimi müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 182 nəfər ölüb, 3611 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 487 min 912 nəfərdə virus aşkarlanıb, 13 min 373 nəfər ölüb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 20:00-da bütün Türkiyə üzrə icazəsi olanlardan başqa qalan vətəndaşlar üçün evdən çıxmağa qoyulmuş qadağa qüvvəyə minir. Məhdudiyyət sabah saat 10:00-a kimi qüvvədədir. Eyni qadağa sabah da davam edəcək. Bu tip məhdudiyyət ikinci həftədir ki, ölkə üzrə şənbə və bazar günləri tətbiq olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara