DÜNYA


Türkiyədə meşə yanğınlarının üçdə ikisi nəzarətə götürülüb

Ankara, 30 iyul, AZƏRTAC

İyulun 28-dən başlayaraq Türkiyə ərazisində, 21 vilayətdə qeydə alınan 63 nöqtədə meşə yanğınından 42-si nəzarət altına alınıb. Yanğın söndürülən bölgələrdə ciddi soyutma işləri aparılır. Hazırda Adana, Antalya, Osmaniyə, Mersin, Muğla, Kayseri və Manisada olmaqla ümumilikdə 21 yerdə yanğın davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli sosial şəbəkə hesabından paylaşım edib.

Hazırda Türkiyədə ən ciddi narahatedici məsələlərdən biri yanğınların başvermə səbəbidir. PKK-nın əvvəllər də meşə yanğınları törətməklə terror aktı törətməsinə dair çoxsaylı məlumatlar var. Bəzi hallarda bu cinayətlər illər sonra açılır və yaxud cinayəti törədən terrorçu sonralar ələ keçir. Ona görə də iyulun 29-da Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda iki PYD/PKK üzvünün saxlanılması bu narahatçılığı ciddi müzakirə mövzusuna çevirib. Manisa valiliyinin rəsmi açıqlamasına görə, hələlik saxlanılan şəxslərin yanğınlarla əlaqəsi barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Antalyanın Manavgat rayonunda isə yanğın törətməkdə şübhəli bilinən iki nəfər əsəbləri tarıma çəkilmiş insanların hücumuna məruz qalıb.

Ümumiyyətlə, yanğınların bir-birinin ardınca, xüsusilə də Türkiyənin əsas turistik bölgələrində baş verməsi ölkədə böyük təşviş və həyəcan yaradıb. Yanğın yerlərindən canlı yayınla göstərilən videolar vahimə yaradır. Mal və mülkü yanıb külə dönən, böyük zərər görən insanların fəryadı ürək dağlayır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.